Bu məqaləmizdə VoIP şlyuzların iş prinsipi, ondan niyə istifadə olunduğu, növləri və şirkətdə mövcud olan analoq telefonların VoIP şəbəkəyə necə qoşulacağı haqda danışacağıq.
VoIP şlyuz tez-tez SİP-şlyuz və ya səs şlyuzu da adlandırılır. Çünki məhz o, SİP protokol vasitəsilə səsin ötürülməsi zamanı səsi kodlayır və koddan açır.
VoIP şlyuz necə işləyir?
Səs şlyuzu analoq telefona qoşulur. Cihaza giriş zamanı abunəçinin səsi qeyd edilir və rəqəmsal siqnala çevrilir. Daha sonra bu siqnallar ayrı-ayrı paketlərə bölünür və SİP protokol vasitəsilə ötürülür. Abunəçi tərəfdə isə həmin rəqəmsal siqnallar koddan açılır, yəni, normal danışıq dilinə çevrilir.
Burdan belə bir nəticəyə gəlirik ki, VoIP şlyuzun əsas funksiyası abunəçinin səsinin qeydə alınması və rəqəmsal koda çevrilməsidir. Bundan əlavə bu şlyuzlar digər funksiyalara da malikdir:
- marşrutlaşdırma,
- trafikin uçotu və analizi,
- istifadəçilərin avtorizasiyası(təsdiq edilməsi)
VoIP şlyuzdan istifadə edərək stasionar və mobil telefondan olduğu kimi həmçinin istifadəçinin kompüterində, noutbukunda və ya smartfonunda quraşdırılmış softfonlardan da zəng edə bilərsiniz.
Niyə VoIP şlyuzlardan istifadə olunur?
İlk baxışdan VoIP şlyuzların yalnız texniki əməliyyatları yerinə yetirdiyini düşünmək olar. Lakin bu qurğu şirkətin bir çox biznes tapşırıqlarını yerinə yetirməyə qadirdir:
Korporativ telefonların İP əlaqəyə keçməsi telefoniyanın keyfiyyətini artırır. Zənglər internet vasitəsilə ötürülür. Danışıq zamanı gecikmə, əks-səda və qırılmalar baş vermir. Zənglər daha rahat idarə olunur.
Xüsusi İP telefonlar almağa ehtiyac yoxdur. İstənilən analoq telefon və DECT standartını dəstəkləyən aparatı İP telefoniyaya qoşmaq mümkündür. SİP şlyuzun tətbiq edilməsi 1 iş günü ərzində baş verir, həmçinin onu korporativ VirtualATS-ə qoşmaq mümkündür.
Əgər bütün işçilərin telefon nömrələri VoİP şlyuz vasitəsilə İP əlaqəyə və 1 dənə VirtualATS-ə qoşulubsa, onda vahid korporativ telefon əlaqəsi yaratmaq mümkündür. İşçilər müxtəlif şəhərlərdə olsa da şirkət daxilində zənglər tariflə daxil edilmir.
Şirkətlər İP telefoniyadan istifadə etməklə zəngləri analiz edə və telefon danışıqlarına nəzarət edə bilirlər. VirtualATS zənglərin statistikası və qeydlərini aparmağa, İVR quraşdırmağa, zənglərin ssenarisini yazmağa və digər bu kimi xidmətləri göstərməyə imkan verir.
VoIP şlyuzları necə seçmək lazımdır?
Ümumilikdə, cihazın qiyməti onun xarakterik xüsusiyyətlərindən asılıdır. Şlyuz seçərkən əsasən aşağıdakı xüsusiyyətlərə diqqət etmək lazımdır:
1 – FXS portlarının sayı
Nə qədər çox port varsa, bir o qədər çox analoq telefonu eyni vaxtda İP şəbəkəyə qoşmaq mümkündür. Portların sayı istehsalçılara görə dəyişir. Məsələn, 48-ə qədər işçi telefonunu qoşmaq üçün Grandstream GXW4248 modeli təklif olunur.
2 – Uyğunluq
VoIP şlyuzunun dəstəklədiyi standartları yoxlamağı unutmayın. Təbii ki, cihazı almaq olduqca sadədir. Lakin ATS-in hansı şlyuzlarla işlədiyini istehsalçının saytında araşdırıb dəqiqləşdirmək lazımdır. Çünki müəyyən məhdudiyyətlər ola bilər.
3 – DSP-prosessor
Həmsöhbətimizin səsinin keyfiyyəti, danışıq zamanı kənardan səs-küyün və əks-sədanın olması məhz DSP prosessorunun real vaxt rejimində rəqəmsal siqnalları çevirmə qabiliyyətinin nə qədər keyfiyyətli olmasından asılıdır.
4 – Quraşdırma tələbləri və soyutma sistemi
Şlyuz seçimi zamanı vacib xüsusiyyətlərdən biri də cihazın soyutma sistemidir. İstehsalçının özü tərəfindən müəyyənləşdirilmiş temperatura diqqət etmək lazımdır. Elektrik kəsilməsi zamanı PSTN xəttinin olması, Gigabit Ethernet texnologiyasının dəstəklənməsi, veb-interfeys vasitəsilə idarəetmə və ya konsol portunun mövcudluğu VoIP şlyuzunun işinə əhəmiyyətli dərəcədə təsir etmir, lakin kommunikasiya zamanı onun daha effektiv fəaliyyət göstərməsinə səbəb olur.
VoIP şlyuz alarkən ümumilikdə şirkətiniz üçün optimal qiymətə, işin keyfiyyətinə və işçilərinizin hansı telekom-funksiyalara ehtiyac duyduqlarına əsasən seçim edin.